Qadınlar uzun müddət ağrı xatirəsi saxlayır — Yeni tədqiqatın nəticələri
Sinsinnatidəki Uşaq Mərkəzindən olan alimlər həmin dəyişikliklərin necə və məhz harada baş verdiyini müəyyən ediblər — bu dəyişikliklər uzunmüddətli ağrı yaddaşının yaranmasını şərtləndirir.
Siçanlarda aparılan təcrübələr göstərib ki, əsas dəyişikliklər inkişaf edən makrofaq hüceyrələrində baş verir, onlar isə immunitet sisteminin normal fəaliyyətində mühüm rol oynayır. Dişi siçanlarda ağrı yaddaşının təsirləri ilkin travmadan 100 gün sonra aşkar edilib.
Xüsusi olaraq siçanlara vurulmuş yaralar onların sümük iliyindəki köklü hüceyrələrin ağrılı travmalara daha güclü reaksiya verən makrofaqları yaratmasına səbəb olub. Buna uyğun olaraq, ağrıya qarşı həssaslıq da artıb. Buna bənzər mənzərə erkək siçanlarda da müşahidə edilsə də, ağrıya qarşı artmış həssaslıq onlarda daha qısa müddət davam edib.
Bu tədqiqat uşaqlıq dövründə keçirilən kəskin ağrının gələcəkdə artmış ağrı həssaslığına aparan immunoloji mexanizmi açıqlayır. Qeyd edək ki, insanlarda belə ağrı yaddaşı 10-15 il müddətində saxlanılır. Alimlər indi «ağrı yaddaşını» dayandırmağın üsullarını axtarırlar.
Azərbaycan Dövlət İnformasiya Agentliyi